Mən niyə pul qazana bilmirəm?

    



       Atamla anam evləndikdə ikisinin də kifayət qədər yaşı var idi.Hər ikisi təhsilini almış, iş həyatına atılmış yetişkin fərd sayılırdı.Planlara görə onlara dövlət ev verəcəkdi və beləcə həyatlarına davam edəcəkdilər.Lakin həyat sürprizlərlə doludur.Hər yerdə "uşağı planlamadan dünyaya gətirməyin" deyə bağırsam da hansı plandan kənar həyatı yaşayacağımızı heç birimiz bilmirik.Beləliklə, valideynlərimin də nəzərdə tutduğu reallıq xəyala çevrilir və dəyişən sistemlə birlikdə onlar da bir girdabın içinə düşərək çıxış yolu axtarmağa başlayırlar.Mən dünyaya gələndə hələ də evsiz, gələcəyimizdən bixəbər ailə idik.Bir yaşım tamam olmadan anam maddi çətinliklərə görə işə çıxmağa məcbur olmuş və nəticədə məni dövlət bağçalarının birinə himayəyə vermişdi.Tam 7 il o bağçaya təpik döydüm.Anam dövlət müəssisələrinin birində artıq 27 ildir ki, mühitində tanınan və uğur qazanmış tibb bacısı işləyir.Onu işsiz, işini də onsuz təsəvvür etmək qeyri mümkündür.Lakin anamın 3 yetişkin övladı var və onların hər üçü də bağça himayəsində böyüyüb.Digərlərini bilmirəm amma mənimçün uşaq bağçası qorxu filmlərində gördüyüm "işgəncə evi" kimi bir yer idi.Hafizəmdə olduqca sarsıldığım travma ilə yer tutub uşaqlıq xatirələrim.Yaşa dolduqca, reallıqları dərk etdikcə anama nə qədər haqq versəm də uşaq olarkən keçirdiyim hislər olduğu kimi şüuraltıma keçdiyinə görə hələ də o hislərdən qurtula bilmirəm.Məni 7 il ərzində ancaq bir şey düşündürürdü. "Axı məni bura niyə atmısınız? Mənim anamla qucaqlaşıb yatan vaxtımdır."
      Sonrakı illər ərzində fikrimdən dönmədim.Ona görə də qızıma hamilə olduğumu bildiyim gündən bütün iş təkliflərini rədd etdim.Zatən 9.00-18.00 rejimli, davamlı əmrlər verən kapitalist sistemli müəssisələr mənə həbsxana təsiri bağışlayır.Yadımdadı bütün işlədiyim yerlərdə günün yarısı, iş bitmədən içimdən bir varlıq "dur burdan qaç" deyə mənə bağırırdı.Bircə maaş aldığım gün sevinirdim.Qalan bütün günlərdə həvəssiz, yuxulu, bezgin olurdum.Hardasa 10-dan çox iş yeri dəyişdim 2 il ərzində.Məni yuxudan "dur, işə gecikirsən" deyə oyadanda "mən işdən çıxmışam" deyə cavab verirdim hər bir aydan bir.Çıxma qərarını isə zəngli saat məni oyadanda verirdim, təsəvvür edə bilirsiniz? Bütün bunları özümü dərk etməmişdən içinə atıldığım displinli həyatla bağlayıram.Çünki, saat 8.00-da yuxudan zorla durğuzularaq, gözündən yuxu axsa da sürünə-sürünə bağçaya gedən körpə, sonralar uşaq, sonralar məktəbli, lap sonralar da tələbə olmuşam.Gün ərzində nə etməli olduğumu mənə kimlərsə, özünü idarə, təşkilat, məktəb, müəssisə, struktur adlandıran nəsnələr deyirdi.Zorla hansısa dərslərə girməli idim, sevdiyim dərslər həftədə 1 dəfə tədris olunsa belə buna səssiz qalmalı idim, qaydaları həmişə kimlərsə yazır mənim kimi proqramlaşdırılmış insanlar isə on və off düyməsindən ibarət robotlar kimi onlara əməl etməli idi.Axı niyə?Bir gün özümə dedim: "Bəs nə vaxt mən kefim istəyən vaxt məcburiyyətim olmadan səhəri açacam?" O zaman qərar verdim ki, tipik iş həyatı mənlik deyil və mən pul qazanmağın özüylə birgə gətirdiyi bütün məhdudiyyətlərdən imtina etdim.Eyni prinsipləri qızımla da yaşamağı düşünürəm.Məktəbə getmək istəmirsə getməsin, oxumaq istəmirsə oxumasın, ona yer kürəsinin yuvarlaq olması faktı maraqlı deyilsə mən niyə bunu bilməyə onu məcbur etməliyəm? Bütün azərbaycanlılar bilir ki, "Bakı ölkənin paytaxtıdır." Lakin bu fakt Bakını daha yaşanmalı bir şəhər, Azərbaycanı isə daha yaşanmalı bir ölkə halına gətirmir.Bəs yaxşı ölkəni yaşanmalı hala gətirən nədir? Əlbəttə ki, insanların mutlu olması.İnsanlar isə istədikləri həyatı yaşadıqları zaman mutlu olurlar.Özünü tanıyan, istedadının fərqində olan və onun arxasınca gedən bütün insanlar öz həyatları daxilində çox xoşbəxt və huzurlu olurlar, buna əmin olun.Amma onları yolundan döndərməyə çalışdıqca, məhdudiyyətlərlə sınırladıqca, qadağalarla bezdirdikcə öz arzularını həyata keçirmək üçün müxtəlif yalanlara baş vuran insanlarla, etdiyi hərəkətləri dərk etmədən şüursuzca tabe olan qul təfəkkürlü insanları yaratmış olacaqsınız.Yəni ya saxtakarlar ya da nökərlər olacaq ətrafda.Onların içində çox cuzi, gözə batmayacaq qədər az olan dürüstlər isə ümidsizlikdən, çarəsizlikdən məhv olacaqlar.Necə ki, bu ölkədə hər gün minlərlə saxtakar əmr verir, milyonlarla nökər tabe olur və onlarla dürüst məhv olur.
       

Комментарии

Популярные сообщения из этого блога

Vajinası olan varlıq

Hamiləliyin ilk trimestri

Ayıb nədir?